Baltik yolu

Litva SSR-dəki aksiya iştirakçıları

Baltik yolu (est. Balti kett, yəni Baltik zənciri; latış. Baltijas ceļš‎, lit. Baltijos kelias) — SSRİ-nin baltikyanı ölkələrində 23 avqust 1989-cu ildə keçirilən dinc aksiya.

Litva, Latviya və Estoniya sakinləri Tallin, RiqaVilnüsü birləşdirən 600 km uzunluğunda canlı zəncir yaratmışdılar. Aksiyada 2 milyona yaxın insan, yəni 3 baltikyanı ölkənin o dövrdəki ümumi əhalisinin 25%-i iştirak etmişdir. Bu aksiya Molotov-Ribbentrop paktının imzalanmasının 50 illiyi münasibətilə təşkil olunmuşdu və dünya ictimaiyyətinin diqqətini Baltikyanı ölkələrin statusunu dəyişən tarixi hadisələrə yönəltmək məqsədi daşıyırdı. Həmin pakta və ona əlavə olunan məxfi protokola görə, SSRİ və Üçüncü Reyx Avropadakı nüfuz dairələrini müəyyən edirdilər: Latviya, Estoniya, Finlandiya, PolşaBessarabiyanın şərq vilayətləri SSRİ-yə, Litva və qərbi Polşa isə Almaniyanın nəzarətinə keçirdi.

"Baltik yolu" baltikyanı xalqların SSRİ-dən ayrılmaq istəyini, onların bu yoldakı həmrəyliyini bütün dünyaya nümayiş etdirdi və müstəqillik uğrunda mübarizə aparan baltikyanı ölkələrdə özünəinamın artmasını göstərdi. Aksiyanın təşkilatçıları Estoniya Xalq Cəbhəsi, Latviya Xalq Cəbhəsi və Litvada "Sayudis" təşkilatı idi.

SSRİ rəhbərliyi bu aksiyaya yalnız çoxsaylı bəyanatlarla münasibət bildirməklə kifayətləndi və respublikalar arasındakı əlaqələrin möhkəmləndirilməsi üçün real addımlar atılmadı. Nəticədə aksiyadan 6 ay sonra sovet respublikaları arasında ilk olaraq Litva SSRİ-nin tərkibindən çıxdığını bəyan etdi.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search